dcsimg

Soya ( Azerbaijani )

provided by wikipedia AZ
Glycine max 003.JPG

Soya (lat. Glycine max) — paxlakimilər fəsiləsinin botaniki cinsi. Dənli-paxlalı bitkilərin məhsulu zülalla zəngin olduğundan, onlar, ərzaq, yem və texniki məqsədlər üçün becərilir. Soyanın yaşıl kütləsinin bir yem vahidində 217, yem paxlasında 218, lərgədə 201, göy noxudda 175 qr həzm olunan protein olur. Soyanın dənindəki bir yem vahidində 223, lüpində 245, göy noxudda 158, gülüldə 186, lərgədə 210, yem paxlasında 211 qr həzm olunan protein vardır.

Bioloji xüsusiyyətləri

Soya istilik və rütubət sevən bitkidir. Çiçəkləmə və yetişmə dövründə daha yüksək yəni 18-25°C temperatur tələb edir. Toxumlar 6-8°C temperaturda cücərir. Soyanın cücərtisi –2-5°C ətrafında olan yaz şaxtalarını yaxşı keçirir. Bu bitki çiçəkləmə və dənədolma fazasında ən çox su tələb edir. Transpirasiya əmsalı 600-ə yaxındır. Çiçəkləmə fazası 15-40 gün, gecyetişən sortlarda isə 80 günə qədər davam edə bilir. Soya qısa gün bitkisidir. Şoran və şorakət torpaqlardan başqa digər torpaqlar soya üçün əlverişlidir. Soya pH=6,5-7,0 olan neytral reaksiyalı torpaqlarda daha yaxşı inkişaf edir.

Bitkinin tarixi

Soyanın vətəni cənubi-şərqi Asiya hesab olunur. O, çinlilərə bizim eradan 6 min il əvvəl məlum olub sonralar Hindistan, Yaponiya, Koreya, Vyetnam və İndoneziyada becərilmişdir. Avropada nisbətən gec, XVIII əsrdə becərilməyə başlanılıb. Uzaq Şərqdə yaşayan rus mühacirləri soyanı qədimdən becəriblər. Paxlalı bitkilər onunla xarakterizə olunur ki, onların toxumları qabıq içərisində olur. İnsanların yeyə bildiyi əsas paxlalılar; alfalfa (qara yonca), noxud, ağ lobya, qırmızı lobya, qara lobya, mərci, lupin, araxis, soya. Dünyada, xüsusən aralıq dənizi bölgəsi mətbəxində paxlalılar həmişə əsas qida olub. Paxlalı bitkiləri bəşəriyyət qədim zamanlardan yetişdirir. Misirlilər daha çox mərciyə üstünlük veriblər. Bununla belə, lobyanı misirlilər də, yunanlar da, romalılar da lazımınca qiymətləndirməyiblər. Qara və qırmızı lobya yalnız Amerika kəşf olunduqdan sonra Avropaya gətirilib. Soya ilk paxlalı bitkidir ki, bizim eradan əvvəl 2852-2737-ci illərdə yaşamış çin imperatoru Şen Nunqun kitablarına düşüb. Onlarda Çinin 5 müqəddəs bitkisinin adı var: düyü, soya, buğda, yulaf, darı.

Vikipediya Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediya kömək edə bilərsiniz.
Əgər mümkündürsə, daha dəqiq bir şablondan istifadə edin.
Bu məqalə sonuncu dəfə Sevinc Cavidan tərəfindən redaktə olundu. 0 saniyə əvvəl. (Yenilə)

İstinadlar

1.Mənbə: Фернандес Одиле. Мои рецепты от рака. Откровения врача, победившего болезнь / Одиле Фернандес, – Москва, Эксмо, 2019, 512с. – Рак победим. 2. nkpi.az saytı 2019-11-04

Soyanın xalq təsərrüfatı əhəmiyyəti

Soya hərtərəfli istifadə olunan qiymətli bitkidir. Dənində zülal çox olduğuna görə paxlalı, yağ çox olduğuna görə isə yağlı bitkilər qrupuna aid edilir. Dəndə 33-45% zülal, 25-27% yağ və 25-27% karbohidratlar vardır (hətta zülal 52%-ə də çatır). Soya becərən təsərrüfatlar 2 məhsul: tam qiymətli zülal və bitki yağı alırlar. Soyanın zülalı suda yaxşı həll olur və yaxşı həzmə gedir. Soya dənində olan zülal arpaya nisbətən 3,6 qarğıdalı dəninə nisbətən isə 4 dəfə çoxdur.

Soyanı ərzaq, yem və texniki məqsədlər üçün becərirlər. Soya dənindən yağ, marqarin, soya pendiri, süd, un, qənnadı məmulatı, konserv və başqa məhsullar alınır.

Soyadan alınan yağ sabunbişirmə sənayesi üçün xammaldır. Eyni zamanda lak boyaq sənayesində də istifadə olunur. Dünyada istehsal olunan bitki yağını istehsalına görə soya birinci yer tutur. Onun payına 40%, günəbaxanın payına isə 18-20% düşür. Soyanı digər dənli - paxlalı bitkilərdən fərqləndirən onun zülalisinin amin turşularının tərkibinə görə heyvan mənşəli zülala yaxın olması və insan orqanizmi tərəfindən asanlıqla mənimsənilməlidir. Lizin, triptofan və metionin kimi amin turşuları soyanın tərkibində vardır. 1 kq buğda dənində 2,5 qram lizin olduğu halda, 1 kq soya ununda 27 qram lizin vardır.

Soya unu və jımığı heyvanlar üçün çox dəyərli yemdir. Jımıxda 47%-ə qədər, unda isə 40%-ə qədər zülal vardır. 1 kq soya dənində 1,31-1,47 yem vahidi, 275-338 qram həzm olunan protein olur. Ümumiyyətlə soyadan 400-ə qədər müxtəlif növ məmulatlar alınır. Soyanı yaşıl yem və silos üçün də becərmək olar. Silos məqsədi üçün qarğıdalı və sorqo ilə qarışıq əkilir. Soyanın 100 kq yaşıl kütləsində 21 yem vahidi, 3,5 kq həzm olunan zülal vardır. Gövdəsinin (saman) 100 kq-da 32 yem vahidi, 5,3 kq zülal vardır ki xırda davarlar (qoyun) tərəfindən yaxşı yeyilir. Ot üçün biçilmiş kütləsinin 100 kq-da 51 yem vahidi, 15,4% zülal, 5,2% yağ, 38,6% sulu karbonlar, 7,2% kül, 22,3% sellüloza vardır. Soya qiymətli yaşıl gübrə və əla sələf bitkisidir.

Becərilməsi və məhsuldarlığı

Əkin sahəsinə görə dənli-paxlalı bitkilər içərisində soya birinci yeri tutur (dünyada). Dünya əkinçilik sistemində onun əkin sahəsi 67 mln hektardır. Soyanı təxminən 50-yə yaxın ölkədə becərirlər. Soyanın əkin sahəsi ABŞ-da 30 mln, Çində 15 mln, Braziliyada 3,0 mln hektardır. Bu bitki Hindistanda, Yaponiyada, Vyetnamda, İndoneziyada, Şimali Afrikada, Avstraliyada, Şimali və Cənubi Amerikada, Ukraynada, Rusiyada, Moldaviyada, Şimali Qafqazda, Gürcüstanda və Azərbaycanda becərilir. Dünya üzrə orta məhsuldarlıq 14-15 sentnerdir.

Keçmiş SSRİ-də soyanın əkin sahəsi 1mln hektar və məhsuldarlığı isə orta hesabla 10 sentner olmuşdur. Qabaqcıl təsərrüfatlarda suvarma şəraitində dən məhsuldarlığı 25-30 sentner, yaşıl kütlə məhsuldarlığı isə 250-300 sentner olmuşdur.

Becərilməsi

Əsasən su ilə yaxşı təmin olunmuş şabalıdı, açıq-şabalıdı boz-qonur torpaqlar və s. soya üçün yararlıdır.

Növbəli əkində soyanı dənli taxıl, qarğıdalı və pambıq bitkisindən sonra becərmək olar. Soyanı, soyadan, günəbaxandan, birillik dənli-paxlalılardan və çoxillik paxlalı yem otlarından sonra əkmək olmaz.

Sələf dənli taxıl bitkiləri olarsa məhsul yığılan kimi küləş sahədən çıxarılmalı və kövşən yeri üzlənilməlidir.

Birinci üzləməni 6-8 sm dərinlikdə LDQ-5 və LDQ-10 markalı üzləyicilərlə üzləmək, əgər ehtiyac varsa 2-ci üzləməni BDT-2,5 və BDT-3 markalı ağır diskli malalarla 10-12 sm dərinlikdə aparırlar. Üzləmədən 10-15 gün sonra sahə PƏ-5-35 markalı kotanla 28-30 sm dərinlikdə şumlanmalıdır.

Qarğıdalıdan sonra sahə iki iz ağır diskli mala ilə disklənməli və bundan sonra əkin qatı dərinliyində (25-27 sm) şumlanmalıdır.

Soya gübrələməyə həssas bitkidir. Təcrübələrlə müəyyən edilmişdir ki, soya 20 sentner dən məhsulu əmələ gətirmək üçün 142 kq N, 32 kq P2O5, 35 kq K2O mənimsəyir. Əsas şum altına N 60-90 kq, P2O5 60-90 kq, K2O 30-54 kq verilməlidir. Azot kübrəsinin 30%-i səpinqabağı, qalan hissəsi yemləmə şəklində 2 dəfəyə, o cümlədən 40%-i çıxış alınandan 2-3 həftə sonra, 30%-i isə paxla əmələgəlmə və dənədolma dövründə verilməlidir. Kübrələr RUM-5,1; RMQ-4 markalı kübrə səpən maşınlarla verilə bilər.

Səpin üçün 1-ci sinfə aid olan sort toxumlar götürülməlidir.

Səpindən əvvəl toxum rizotorfinlə (nitragin) hektarlıq toxuma 200 qram hesabı ilə işlənməlidir. Həmin miqdar rizotorfin 1,2 litr suda həll edilərək toxuma çilənməlidir. Bakterioz, kök çürüməsi, aminomikoz, fuzarioz xəstəliklərinə qarşı mübarizə məqsədi üçün səpinə ən azı 3-4 həftə qalmış 1 ton toxuma 1-2 kq 70%-li taçiqran işlənilməlidir.

Məftil qurdlarına və bakterioz xəstəliyinə qarşı fentouramın tətbiqi yaxşı nəticə verir. 60%-li fentouramdan 1 ton toxuma 4,6 kq işlətmək məsləhət görülür.

Toxum PSQİ-5, PS-10, «Mobitoks» maşınlarında yarımquru üsulla dərmanlana bilər. Mütləq kütlədən asılı olaraq hektara 50-90 kq (400-600 min ədəd) cücərə bilən toxum səpilməlidir. Soya gencərgəli nöqtəvi üsulla, yəni cərgəarası 45-60 sm olmaqla səpilə bilər. Torpaq yazda VP-8, VPN-5,6 markalı hamarlayıcılarla və ya təsərrüfatın özündə hazırlanan alətlər ilə səthdən hamarlanmalıdır. Alaqlar göründükdə 6-8 sm dərinlikdə kultivasiya çəkilməlidir. Səpinə 1 həftə qalmış təsiredici maddə hesabı ilə 1,2-1,5 kq treflan herbisidi 200-300 litr suya qarışdıraraq POU, ON-400 və ya OBT-1 yerüstü çiləyicilərlə çilənməli və başdan-başa becərən kultivatorla suvarılmamış sahələrdə BDT-2,5 və ya BDT–3 markalı üzləyicilərlə 8-10 sm dərinlikdə torpağa qarışdırılmalıdır.

Səpin əkin qatında temperatur 10-120C olduqda aparılır. Toxumlar arat olunmuş sahələrə səpilir. Arat olunmayan yerlərdə isə səpindən sonra dərhal suvarma aparılmalıdır. Səpin SZSŞ-3,6; SPÇ-6M; SZ-3,6; SZU-3,6 aqreqatlarla aparılır. Kütləvi çiçəkləmə, paxlaların əmələ gəlməsi və dənin dolması mərhələlərində soya nəmliyə ən çox tələbat göstərir. Bitkinin normal inkişafı üçün vegetasiya müddətində soya ən azı 4 dəfə suvarılmalıdır. Birinci suvarma budaqlanma, 2-ci suvarma çiçəklənmənin başlanğıcında, 3-cü suvarma paxlalar əmələ gəldikdə və 4-cü suvarma dən dolmağa başladıqda keçirilməlidir. Suvarma yağış yağdırma üsulu ilə hektara 500-600 m3, şırımlarla infiltrasiya yolu ilə 700-800 m3 su normasında keçirilir.

Torpağın su-hava xassələrini yaxşılaşdırmaq üçün çıxış alınanadək bir iz və çıxış vaxtı 1-2 iz KRN-38 yaxud torlu mala ilə malalayırlar. Vegetasiya dövründə cargəaraları 2 dəfə KRN-4,2 markalı kultivatorla yumşaldılmalıdır.

Vegetasiya müddətində tor gənəciyinə və yarpaqyeyən həşəratlara qarşı karbofosun 30%-li emulsiyası ilə hektara 1-1,5 kq, fosfamidlə Bİ-5,8 1 kq normada çiləmə aparılır. Çiçəkləmədən sonra çiləmə kükürd tozu ilə əvəz edilir.

Məhsulun yığılması

Yetişərkən soya paxlası açılmır ona görə də dən itkisi az olur. Dən məqsədi ilə əkdikdə soya tam yetişmə fazasında, yarpaqların töküldüyü, gövdələrin quruduğu və paxlaların saralmağa başladığı dövrdə dəndə 14-16% nəmlik olduqda SK-5 Niva, SK-4A, SKD-5P, SKD-5M, "Sibiryak" kombaynları ilə yığılmalıdır. Kombaynın kəsici aparatı ən aşağıdan biçmək üçün nizamlanmalıdır. Dənin qırılmasının qarşısını almaq üçün barabanla – deka arasında məsafə CK- 4A, CK-5 kombaynlarda girəcəkdə 40 mm, çıxacaqda 28 mm-dən az olmamalıdır. Barabanın dövrü dəqiqədə 400-500 dəfə dövr etməlidir. Yetişməni sürətləndirmək məqsədilə tezyetişən sortlar əkilən sahələrdə desikasiya aparılır. Bu iş dəndə nəmlik 40-45% olduqda maqnezium – xlorat preporatının 20 kq-ı suya qarışdırılaraq sahəyə çilənir. Soya samanı yem üçün istifadə ediləcəksə desikasiya aparılmır. Yığılmış toxumda nəmlik 14% -dən çox olarsa asfalt meydançada günəş altında qurudulmalı və digər qatışıqlardan təmizlənməlidir.

Ədəbiyyat

  • Q.Y.Məmmədov. Dənli-paxlalı bitkilərin botaniki quruluşu və bioloji xüsusiyyətləri. Bakı: ADAU, 2009.
  • S.C. Əliyev və baş. Zülal probleminin həllində dənli-paxlalı bitkilərin rolu. Kirovabad: 1988, 41 səh.
  • P.Y. Qrebennikov və baş. Bitkiçilik. Bakı: 1964, 377 səh.
  • Ç.M. Novruzov və baş. Bitkiçilik. I cild. Kirovabad: 1979, 93 səh.
  • M.İ. Cəfərov və baş. Kənd təsərrüfatı bitkilərinin becərilmə və yığılma texnologiyası. Bakı: 2000, 264 səh.
  • H.M. Xəlilova. Bitkiçilik üzrə laboratoriya məşğələləri. Bakı: 1973, 367 səh.
  • П.П.Вавилов. Растениеводство. Москва: 1986, 512 стр.
  • C.Ə. Əliyev və baş. Azərbaycan SSR-in suvarma şəraitində soyanın yetişdirilməsi. Bakı: 1982, 51 səh.
  • Д.Гберт, И.Фокке, В.Клейн. Выращивание зернобобовых культур на промыщленной основе. Москва: Колос, 1981, 159 стр.
  • Б.В. Федосеев. Механизированная технология возделивания и уборки бобовых культур. Москва: Россельхозиздат, 1983, 183 стр.
  • Д.Шпаар и др. Зернобобовые культуры. Минск: 2000, 264 стр.
  • Г.Т. Лавриненко и др. Соя. Москва: 1978, 187 стр.
  • Д.А. Алиев, З.И. Акперов. Фотосинтез и урожай сои. Москва-Баку: 1995, 116 стр.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Soya: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ
Glycine max 003.JPG

Soya (lat. Glycine max) — paxlakimilər fəsiləsinin botaniki cinsi. Dənli-paxlalı bitkilərin məhsulu zülalla zəngin olduğundan, onlar, ərzaq, yem və texniki məqsədlər üçün becərilir. Soyanın yaşıl kütləsinin bir yem vahidində 217, yem paxlasında 218, lərgədə 201, göy noxudda 175 qr həzm olunan protein olur. Soyanın dənindəki bir yem vahidində 223, lüpində 245, göy noxudda 158, gülüldə 186, lərgədə 210, yem paxlasında 211 qr həzm olunan protein vardır.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ